Bu müsahibə Azərbaycan musiqisinin ümumi təqdimatını, bir növ Azərbaycan muğamı dərsini və musiqiçilərin ifa etdikləri musiqi parçalarını özündə birləşdirir.
Malik və Elşən Mənsurovlar, Kamran Kərimov Azərbaycan musiqiçiləridir. Onlar müvafiq olaraq tar, kamança və nagarada - Azərbaycan musiqi alətlərində - çalırlar.Onların geniş repertuarına əsasən milli klassik musiqi növü olan muğam, həmçinin milli xalq mahnıları da daxildir. Öz istedadları ilə həm Azərbaycanda, həm də Qərbdə tanınan ustadlar uzun illərdən bəri Azərbaycan xanəndələrini müşayiət edirlər. Lakin onların solo-konsertləri də böyük uğur qazanmışdır. Musiqiçilərin 2008-ci il fevralın 8-də Parisdə verdikləri solo-konsert bunu bir daha təsdiq etdi. Azərbaycan musiqisinin incəliklərini məharətlə səsləndirən ustadlar onun nəzəriyyəsini də dərindən bilir və öz biliklərini gənc musiqiçilərə məmnuniyyətlə öyrədirlər. Belə ki, artıq otuz ildən bəri Mənsurov qardaşları Azərbaycan Musiqi Akademiyasında Azərbaycan muğamını tədris edirlər. Hər üç ustadın yüksək insani keyfiyyətləri onların istedadını, professionallığını və dərin musiqi biliklərini daha da ucaldır.
|